BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbəti iclası keçirilib.

Öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BMU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətindən, dövlətin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs edib. Prorektor 44 günlük Vətən müharibəsinin müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış gənc nəslin formalaşdığını sübuta yetirdiyini vurğulayıb.

Sonra universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən və onların uğurları barədə  ətraflı danışan prorektor THİK-in gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə təmsil etdiyi qurumun rəhbərliyi adından iclas iştirakçılarını salamlayıb. Tədbirin əlamətdar dövrə təsadüf etdiyini söyləyən M.Cəfərzadə bu yaxınlarda Zəfər bayramınının birinci ildönümünün təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.  O, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunub və bizi Zəfərə aparan yolda gəncliyin rolunu qeyd edib.

M.Cəfərzadə THİK haqqında məlumat verərək təşkilatın tələbələrin hüquqlarını qorumaqla yanaşı, onların sosial-ictimai həyatının təşkilində də mühüm rol oynadığını vurğulayıb.

Daha sonra səsvermə yolu ilə THİK-in 15 nəfərdən ibarət yeni tərkibi, eyni zamanda təlimata uyğun olaraq 7 nəfərdən ibarət Rəyasət Heyəti, 5 nəfərdən ibarət Təftiş Komissiyasınn üzvləri təsdiq olunub.

THİK-in sədri vəzifəsinə isə səs çoxluğu ilə universitetin Pedaqoji fakültəsinin III kurs tələbəsi Rayaxanım Ağazadə seçilib.

R.Ağazadə ona göstərilən etimada görə təşəkkürünü bildirib, belə şərəfli və məsuliyyətli işin öhdəsindən gələcəyinə inamını ifadə edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo